63073426e2540202208223446

Diqqətçəkən Rusiya-İran detalı - Türkiyənin Bəşər Əsədə üç şərti

“Əsəd rejimi mövqeyini dəyişərək konkret və inandırıcı addımlar atarsa, Türkiyə-Suriya əlaqələrini bərpa etmək mümkün olacaq”.

Kanal.az xəbər verir ki, bunu “Haber 7”nin yazarı Məhmət Acət deyib.

Onun sözlərinə görə, xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Tayyib Ərdoğanla Bəşər Əsədin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammiti çərçivəsində bir araya gələcəyi iddiasını təkzib edib:

“Son zamanlar BƏƏ, Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərdə normallaşma prosesi fonunda Suriya ilə əlaqələrin bərpası da müzakirə mövzusudur. Amma bu ölkələrlə bütün bu proseslər qarşılıqlı qazanclar üzərində qurulub və inkişaf etdirilir. Əsəd rejimi ilə siyasi münasibət qurmağın yolu da bundan keçir. Bu o zaman mümkün ola bilər ki, Türkiyənin tələblərinin yerinə yetiriləcəyi zəmin formalaşsın.

Yaxşı, bu mənada ikitərəfli münasibətlərin normallaşması üçün əsas varmı?

Bu suala cavab verərkən ilk olaraq bütün bu proseslərdə iştirak etmiş yüksək rütbəli bir Türkiyə rəsmisindən eşitdiyim bir cümləni deyim: “Rusiya və İran Türkiyənin Suriyada qazanc əldə etməsini istəmir”

Bunun nə demək olduğu bəllidir. Yəni İran və Rusiya, xüsusən də Rusiya istəmədikcə Əsəd rejimi ilə siyasi əlaqələr qurmaq mümkün deyil.

Görünən mənzərəyə baxdıqda, Əsəd rejimi ilə siyasi əlaqə qurmaq və Ərdoğanın Əsədlə görüşünün Türkiyəyə nə verəcəyi suallarına inandırıcı cavabın olmadığını görürük”.Məhmət Acət əlaqələrin bərpası üçün Türkiyənin də Əsəd rejiminə şərtlərinin olduğunu bildirib:

“Əsəd rejimi mövqeyini dəyişərək konkret və inandırıcı addımlar atarsa, ikitərəfli əlaqələri bərpa etmək mümkün olacaq:

- PKK/YPG terror təşkilatına qarşı hərəkətə keçsə və Türkiyənin bu mövzuda narahatlığını aradan qaldıracaq addımlar atsa;

- Siyasi həll və konstitusiya prosesinin irəliləməsi üçün Türkiyəni dəstəkləyən müxalifət qruplarını tərəf olaraq qəbul edərsə və bu perspektivdə konkret addımlar atmağı öhdəsinə götürərsə;

- Türkiyədə yaşayan sığınacaq axtaranların geri qaytarılması üçün əməkdaşlıq etmək istəyirsə.

Bu kimi mövzularda konkret addımlarla irəliləyiş əldə olunarsa, münasibətlərdə normallaşma prosesi görünə bilər. Ancaq bunun zəmin formalaşmadan əvvəl atılması lazım olan addımlar tələlərlə dolu bir yolda irəliləməkdən fərqli olmaya bilər”. / Teleqraf.com