qəbir cənazə

Cənazəni dəfndən əvvəl 3 dəfə yerə qoyub götürməyin dini anlamı NƏDİR?

Dəfn adətlərimizə görə cənazəni dəfn etmək üçün evdən çıxaranda 3 dəfə götürüb yerə qoyur, sonra evdən çıxarırlar.

Bu adətin dini mənbələrdə səbəbini tapa bilmədik. Görünür, aşağıda izah edəcəyimiz dəfndən qabaq cənazəni 3 dəfə yerə qoyub qaldırmaq ənənəsinə edilmiş əlavədir. Amma cənazəni qəbirə qoymazdan əvvəl 3 dəfə götürüb yerə qoymağa gəlincə, bunun müstəhəb (bəyənilən) olması barədə məsum imamlardan hədislər vardır.

Hədislərdə deyilir ki, dünyasını dəyişmiş şəxsi məzarın qaranlıq, tənhalıq və qorxusuna alışdırmaq üçün bunu edirlər. İmamlarımız buyurmuşlar ki, öz din qardaşınızı birdəfəyə qəbrə qoymayın, onu qəbir həyatına alışdırmaq üçün yerə qoyub qaldıraraq addım-addım 3 dəfəyə məzara sarı gətirin. Cənazəni qəbrə qoymaq üçün qaldıranda 3 dəfə qəbirə yaxınlaşdırıb, yerə qoyur və sonra yenidən qaldırırlar. Dördüncü dəfədə cənazəni qaldırıb qəbirə qoyurlar (cənazə kişidirsə, başını qəbrin aşağı tərəfindən qəbrə daxil edir, qadındırsa qiblə istiqamətində qəbirin yan tərəfindən məzara qoyurlar). Bir daha qeyd edirik ki, bu, dəfndə vacib deyil, bəyənilən əməldir. //milli.az