Bakıda ana və iki övladının qətli ilə bağlı yeni faktlar

  • Ölkə
  • 23 Yanvar 2023
63ce750a0b18d202301235242
  • Oxunub: 812

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kanal.az-ın Teleqraf.com-a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə bəzi məqamlar üzə çıxıb.

Hakim bildirib ki, icraatındakı cinayət işinin materiallarını araşdırıb təhlil etməklə bu cinayətdə daha bir şəxsin iştirakının olmasından şübhələnir.

Hakim qeyd edib ki, özəlliklə cinayətin hərtərəfli araşdırılması baxımından əhəmiyyətli olan videogörüntülərin bir hissəsinin silinməsi (cızılaraq görünməz hala düşməsi) də müəyyən şübhələr yaradıb.

Hakim bildirib ki, bu işin sonunda Baş Prokurorluğa tədbir görülməsi üçün məktub göndərəcək.

Məhkəmə öz təşəbbüsüylə hadisə baş verən dövrdə həmin bölmənin rəis müavini olmuş, hazırda Polis Akademiyasında çalışan Natiq Hüseynovu da çağırıb dindirib. O, təqsirləndirilən Əhəd Əliyevin 15 yaşlı oğlunun ifadəsi əsasında məhkəməyə çağrılıb. Yeniyetmə məhkəmədə ifadəsində bildirib ki, hadisədən sonra anası xalasıgilin qətlinə görə dindiriləndə ona telefonda hadisə yerində hərəkət edən gödəkçəli bir nəfərin videogörüntüləri göstərilib.

Lakin Natiq Hüseynov belə bir görüntü göstərmədiyini deyir.

Bundan sonra hakim sabiq rəis müavininin nəzərinə çatdırıb ki, bu cinayət işi ilə bağlı videogörüntülər məsələsində çox ciddi problemlər ortaya çıxıb. Təxminən 4 dəqiqəlik videogörüntülər demək olar, yox olub.

Natiq Hüseynov dindiriləndə təqsirləndirilən Əhəd Əliyev iddia edib ki, ona işgəncə verib, cinayəti üzərinə götürməyə məcbur edənlərdən biri məhz bu şəxs olub.

Onun vəkili vəsatət qaldırıb ki, Əhəd Əliyevin keçmiş həyat yoldaşının hadisə günü və o ərəfədə harada olduğu araşdırılsın, bu məqsədlə mobil operatordan onun anten məlumatları alınsın.

Prokuror isə deyib ki, cinayətin Əhəd Əliyev tərəfindən törədildiyini təsdiqləyən konkret sübutlar var – hadisədən sonra ondan tapılan böyük məbləğdə pul, ayaqqabısının altından tapılan qan ləkəsinin uyğunluğu, cinayətin baş verdiyi evdəki siqaret kötüyündəki ağız suyu...

Dövlət ittihamçısının sözlərinə görə, hadisədən dərhal sonra Əhəd Əliyev özünə bahalı mobil telefon alıb, xeyli pul xərcləyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsilə yanaşı, ondan götürülən pulun zərərçəkmişlərin hüquqi varisi qismində tanınan Fəsahət Qaraxanova qaytarılmasını təklif edib. Hüquqi varis Gülnar Qaraxanovanın həyat yoldaşı, uşaqların isə atasıdır.

Qeyd edək ki, bu hadisədən sonra polis bölməsində xidməti yoxlama aparılıb və bir neçə polis əməkdaşı cəzalandırılıb.

Yanvarın 6-da keçirilən prosesdə çıxış edən prokuror Əhəd Əliyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı öldürülüb. Aparılmış istintaqla zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.

O, cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Əhəd Əliyev uzun illər müəllim işləyib. O, 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.

Ana və övladlarını öldürməkdə suçlanaraq həbs olunan Əhəd Əliyev Gülnar Qaraxanovanın bacısının həyat yoldaşı olub. Hadisədən sonra onlar rəsmi şəkildə boşanıblar.

Oxşar xəbərlər