Azyaşlı qızın kənddə macərası: "Biabır olmuşduq..." - İmişlidə ŞOK OLAY
İmişli rayonunda 1985-ci il təvəllüdlü Talehlə 1998-ci il doğumlu Murad həmyerliləri Cəfərə (adlar şərti verilib.) xəsarət yetiriblər.
Kanal.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il mayın 6-da baş verib.
Taleh həmin gün saat 21 radələrində sevgi münasibətlərində olduğu Samirənin atası Cəfərlə mobil telefonda danışarkən onu nalayiq ifadələrlə təhqir etməsinə əsəbləşib.
Taleh sərxoş vəziyyətdə qohumu Muradla İmişlinin Yalavac kəndinə gəlib. Onlar Cəfərin həyətinə daxil olublar, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Daha sonra Cəfəri döyüblər.
Murad küt əşya ilə Cəfərin baş nahiyəsindən vurub, hadisə yerinə gələn polis əməkdaşlarının yanına qaçıb.
Taleh isə polis və səs-küyə yığışmış insanların gözü qarşısında hərəkətlərini davam etdirib. Cəfərin sifət və alın nahiyəsindən yumruqla xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq) maddəsi ilə, Murad isə 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
"Maşını evinə sürdüm"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Cəfəri onun azyaşlı qızı Samirə ilə münasibətdə olduğuna görə tanıyıb: "Samirə ilə təxminən 2021-ci ildən münasibətim yaranıb. Onunla dəfələrlə təbii yolla cinsi əlaqədə olmuşam. Mayın 6-da saat 21 radələrində yeznəm Əliyə zəng etdim. Rayonda işim olduğu üçün mənimlə getməsini xahiş etdim. O da mənimlə razılaşdı. Sonra bibim oğlu Murad Əliyə məxsus "VAZ-2106" markalı avtomobillə gəldi. Onlara işim olduğunu bildirdim, birlikdə Cəfərin yaşadığı kəndə getdik.
Cəfər telefonda məni söydüyündən onun evinin qarşısında maşını saxlatdırdım. Cəfərin evinin həyətyanı sahəsinə girdim. Ona hücum etdim, sol göz nahiyəsinə yumruqla vurdum, onunla əlbəyaxa oldum".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra polis əməkdaşları gəlib: "Polislərin tələbinə tabe olmadım, Cəfərə təkrar hücum çəkdim. Küçədə onu yumruqla vurdum. Polis əməkdaşları məni avtomobilə mindirdilər, İmişli rayon polis şöbəsinə apardılar".
Murad isə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dayısı oğlu Talehlə zərərçəkmiş şəxsin yaşadığı ünvana getsə də, heç bir qanunsuz hərəkət etməyib. Talehlə Cəfəri ancaq ayırmaq istəyib, buna da nail ola bilməyib.
"Danışa bilmədiyimi bildirdim"
Cinayət işi üzrə zərərçəkmiş Cəfərin sözlərinə görə, 2017-ci ildə arvadı Fəridə ilə boşanıb və ikinci ailəsi ilə birlikdə Bərdə rayonunun Lənbərən kəndində yaşayır:
"2005-ci il təvəllüdlü qızım Samirə anası Fəridə ilə atam Camalla birlikdə, ona məxsus evdə yaşayırlar. Mayın 6-da saat 21 radələrində atamı görmək üçün onun yaşadığı evə gəldim. Evin yaxınlığında mobil telefonuma qızım Samirənin münasibətdə olduğu Talehdən zəng gəldi. Taleh mənimlə işinin olduğunu dedi. Ona atamgilə gəldiyimi, danışa bilmədiyimi bildirdim".
Zərərçəkmiş qeyd edib ki, Taleh ona bir neçə dəfə zəng etsə də, o, zənglərə cavab verməyib: "Həmin vaxt evdə atam, keçmiş arvadım və qızım olublar. Evdə Talehin zəng etdiyini gördüm. Telefonu Fəridə ilə Samirəyə göndərdim, mənə zəng etməməyi tapşırmağı bildirdim.
Atamla görüşəndə onun barmağının kəsildiyini gördüm. Bunun səbəbini soruşanda atam Samirənin onu stəkanla vurduğunu dedi".
"Üç nəfər həyətə girdi"
Cəfər qeyd edib ki, azyaşlı qızı Samirə əxlaqsızlıqla məşğul olur, istədiyi kimi yaşayır və oğlanlarla görüşür:
"Atamın azyaşlı qızım tərəfindən döyülərək xəsarət alması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. Atamla evin həyətinə çıxdıq. Mobil telefonuma Taleh yenə zəng etdi və mənimlə söhbət etmək üçün atamın yaşadığı ünvana gələcəyini bildirdi.
Təxminən 10 dəqiqə sonra atamın evinin qarşısında avtomobil dayandı. Gələnlərin polis əməkdaşları olduqlarını zənn etdim. Avtomobildən mənə zəng edən Talehlə birlikdə adlarını sonradan bildiyim Murad və Əli düşüb, həyətə daxil oldular.
Bu vaxt qızım Samirə və keçmiş arvadım Fəridə onlara polis əməkdaşlarının gələcəyini bildirdilər, buradan uzaqlaşmalarını istədilər".
"Səs-küyə kənd camaatı da yığışdı"
Cəfər bildirib ki, həmin vaxt atası ilə həyətyanı sahədə dayanıb və mobil telefonda polis əməkdaşları ilə danışıb: "Taleh Samirə və Fəridənin sözlərinə məhəl qoymadı, həyətə girdi. Onun arxasınca Murad və Əli də həyətə daxil oldular. Onlar üzərimə yeriyərək heç bir səbəb göstərmədən, uca səslə mənim və ailə üzvlərimin ünvanına söyüşlər söydülər.
Birinci Taleh sol göz nahiyəmdən və baş nahiyəmdən yumruqla vurdu. Mən yerə yıxıldım. Yerdə olanda Taleh və yanındakı şəxslərdən hansısa biri başıma çox sayda yumruqla zərbələr vurdu. Bu vaxt polis əməkdaşları gəldilər. Biz küçəyə onların qarşısına çıxdıq.
Küçədə polis əməkdaşlarının gözü qarşısında Taleh yenidən alın nahiyəmdən yumruqla vurdu. Polislər Talehi sakitləşdirməyə çalışdılar. O isə polislərin əllərindən çıxdı, üstümə hücum çəkdi və yenidən məni yumruqla vurdu.
Polis əməkdaşları Talehi tutaraq avtomobilə mindirdilər və polis şöbəsinə apardılar. Səs-küyə hadisə yerinə kənd camaatı da yığışmışdı".
Cəfər ifadəsinin sonunda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayəti olmadığını deyib.
"Nəvəm oğlanlarla görüşür, məni kənddə nüfuzdan salır"
Cinayət işi üzrə şahid qismində ifadə verən Camal qeyd edib ki, oğlu Cəfərin qızı Samirə əxlaqsızlıqla məşğul olur: "Nəvəm evimdə anası Fəridə ilə birlikdə yaşayır. O, müxtəlif oğlanlarla görüşür, məni kənd sakinləri və tanışlarım arasında nüfuzdan salır. Daim ona iradlarımı bildirsəm də, mənə qulaq asmır, istədiyi şəxslərlə görüşür, babası kimi mənə heç bir hörmət qoymur".
Camal deyib ki, mayın 6-da saat 21 radələrində evdə Samirə ilə aralarında mübahisə baş verib: "Samirəyə telefonda oğlanlarla danışdığı üçün iradımı bildirdim. O, əlindəki stəkanı mənə tərəf tulladı. Sol əlimin barmağı yaralandı. Təxminən bir saat sonra oğlum yaşadığım evə gəldi. Mənim xəsarət aldığını gördü və nə baş verdiyini soruşdu. Nəvəmin məni döyərək xəsarət yetirdiyini bildirdim".
Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb. Taleh aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 il 7 ay 22 gün, Murad aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 il 11 22 gün müddətə islah işləri cəzasına məhkum olunublar.
- Ölkə
- 07 Mart 2024