Azərbaycanda qızlar sünnət edilir? -  İNANILMAZ FAKTLAR
Cəmiyyət
23.08.2021 11:37
0

Azərbaycanda qızlar sünnət edilir? - İNANILMAZ FAKTLAR

2020-2021-ci illərdə Azərbaycan mətbuatında ölkənin şimal rayonlarında gizlincə tətbiq edilən azyaşlı qızların sünnəti – qadın sünnəti kimi vəhşi adət haqqında məqalələr dərc edilirdi. Bu çox qədim adət Asiya, Latın Amerikası, Afrika və Avstraliyada təkcə sünni müsəlmanlar deyil, digər dinlərə etiqad edən xalqlar arasında da yayılıb. Adətən 2 yaşına qədər olan qızların cinsiyyət orqanlarını iti alətlə kəsir və ya şikəst edirlər ki, qız böyüdükdə həddindən artıq seksual olmasın, ərinə sadiq olsun – qadınların sünnətinin elmə zidd əsaslandırması belədir.

YUNİSEF-in məlumatına görə, dünyada qadınların cinsi orqanlarının şikəst edilməsi təcrübəsinin qurbanı olan 200 milyondan çox qız və qadın var. 2012-ci ildə BMT-nin Baş Assambleyası qadınların cinsi orqanlarını kəsməyi qadağan edən qətnamə qəbul edib. Qeyri-kommersiya təşkilatlarının hesablamalarına görə, 92 ölkədə qadınlar onları şikəst edən əməliyyatlardan əziyyət çəkib.

Qadın sünnəti indiyə qədər Şimali Qafqazda (Rusiyada) tətbiq edilir, burada dövlət xəstəxanasında belə gizlicə bu proseduru həyata keçirmək olar. Rusiyada qadınların cinayətkarcasına sünnət edilməsi haqqında “Kavkazskiy Uzel” çox yazır. Sayt bu yaxınlarda hüquq müdafiəçisi Svetlana Anoxina ilə müsahibə dərc edib. Gürcüstan ombudsman aparatında rəsmi olaraq təsdiq ediblər ki, Kaxeti bölgəsinin üç kəndində (Tivi, Saruso və Çantliskure) prosedur tətbiq edilir. 2017-ci ildə isə Gürcüstanın Cinayət Məcəlləsinə “Qadın cinsi orqanlarının yaralanması” maddəsi daxil edilib. Bu maddə 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bu təcrübə ilə, tək-tük hallarda da olsa, Azərbaycanda da qarşılaşmaq olar, - KİV-lər belə yazır. Qeyd edilir ki, qadın sünnəti Azərbaycanın avar əhalisinin bir hissəsi arasında qalıb. Bu adət xüsusən regionun şimal hissəsindəki kəndlərdə - Danaçı, Paşan, Makov, Kebeloba, Mazıx, Yolayrıcı, Car, Axaxdərə və Zilbanda mövcuddur.

Jurnalist Nurlanə Cəlil problemin ətraflı araşdırmasını aparıb. O, uşaq vaxtı bu dəhşətli prosedura məruz qalmaları haqqında ona danışanların adlarını açıqlamır. Jurnalist yazır ki, Azərbaycan ginekoloqları həkimlik təcrübəsi zamanı sünnət əlamətləri olan qadınlarla qarşılaşmayıblar. Amma Nurlanə hesab edir ki, Azərbaycanda qeyd edilən problem var, ailələr onu cəmiyyətdən və dövlətdən gizlədir.

Azərbaycan qanunvericiliyi bu cür vəhşilikləri qadağan edir, baxmayaraq ki, bəzi digər ölkələrdən fərqli olaraq, bizim qanunlarda qadın sünnətindən xüsusi olaraq bəhs edilmir. AR Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, sağlamlığa qəsdən belə, yəni insan həyatı üçün təhlükəli olan zərər verilməsi, üç ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Bir qrup şəxs tərəfindən, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmişə güclü əziyyət verməklə və ya muzdla törədilən eyni əməllər altı ildən on bir ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu məqalənin müəllifi Azərbaycanın Qax və Zaqatala rayonlarının bir neçə sakini arasında sorğu keçirib. Bəziləri qadın sünnəti haqqında eşitməyiblər, digərləri bu barədə bilirlər, amma Azərbaycanda belə bir prosedurun tətbiq edildiyindən xəbərləri yoxdur. Rusiyada yaşayan, əslən Zaqatala rayonundan olan avar müəllifə məktub yazaraq, “ötən əsrin ortalarına qədər bu prosedurun Azərbaycan və Gürcüstanın dağıstandilli əhalisi arasında, həmçinin sünnilər arasında tətbiq edildiyini” bildirib. “Şimali Qafqazda avarlar, axvaxlar arasında yayılıb, digərlərində isə bu vəhşiliyə nadir rast gəlinir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş müşaviri Rahil Süleymanov Turan-a bildirib ki, rayonlardan onlara qadın sünnəti haqqında şikayət, istənilən digər məlumat daxil olmayıb. Dövlət Komitəsində “qadın sünnəti” adlanan cinayət haqqında məlumat olsaydı, onlar onu gizlətməzdilər və mütləq bu adətin kökünün kəsilməsi üzrə işlərə başlayardılar. R.Süleymanov xatırladıb ki, Dövlət Komitəsi ailədaxili şiddət, qadın və uşaqlara qarşı digər cinayətlər haqqında məlumatları cəmiyyətdən gizlətmir. Deməli, Komitənin qadın sünnəti haqqında məlumatı qəsdən cəmiyyətdən gizlətməsindən şübhələnmək üçün əsas yoxdur, deyə o əlavə edib.

Baş müşavir hesab edir ki, bu mövzuda nəşr aktual deyil, əhalidə qadın sünnətinə maraq yaratmaq üçün onu yazmaq lazım deyil.

Problemi araşdıranlardan heç birinin Azərbaycanın Qafqaz hissəsinin sakinləri arasında anonim anket sorğusu keçirməməsi narahatlıq doğurur. Qadın sünnətinin tarixən gizlincə, hətta ailənin kişilərinin xəbəri olmadan həyata keçirildiyi nəzərə alınmayıb. İcraçılar ənənənin gizliliyində maraqlı olan kənd şəfaçıları ola bilər. Bu, sırf qadın adətidir, onun barəsində qonşulara belə bildirmirlər, - deyə Azərbaycan dağlıları jurnalist Nurlanə Cəlilə bildiriblər. Ənənə çox vaxt toydan geri qalmayan təmtəraqla müşaiyət olunan oğlanların sünnətindən fərqlənir. Bunu isə Rusiya Şimali Qafqazının dağlı qadınları jurnalistlərə bildiriblər.

Azərbaycanda belə bir şey baş verirsə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat daxil olmaya bilər. Azərbaycanda qızların bədənini və psixikasını pozan vəhşi adətə qarşı təbliğat aparılmır. Amma bu, o demək deyil ki, problem yoxdur və bu qovluğu bağlamaq olar. Tədqiq edilən problem üçün səciyyəvi olan xüsusi halları nəzərə almaqla, ölkədə monitorinqlər, əhali və ginekoloqlar arasında anonim sorğular aparılmalıdır. / Pravda.az

Paylaş:
Loading...
Loading...