Putin uduzmağı ağlından belə keçirmir - MKİ

“Azərbaycana qarşı nə etsə, qarşısında türk dünyasını görəcək” - Bakıdan Putinə xəbərdarlıq

Təyyarə qəzasından sonra Rusiya ilə bağlı bir gerçək ortaya çıxdı. Artıq hər kəsə bəllidir ki, Azərbaycan Rusiya da daxil olmaqla heç bir dövlətdən çəkinmir. Deyilənlərin əksinə olaraq bizim Rusiyadan qorxacaq bir yerimiz yoxdur.

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bu məsələni yenidən gündəmə gətirib: Azərbaycan onun qırmızı xəttini tapdamağa çalışan heç bir dövlətə güzəştə getmir. Bəzi iddialar var, deyilir ki, Rusiya Bakının bu ötkəm və qürurlu rəftarına mütləq cavab verəcək. Moskva Azərbaycana nə edə bilər?

Globalinfo.az-a danışan Heydər Oğuz deyib ki, Azərbaycan var olduğu gündən bəri bütün qonşuları ilə dinc, yanaşı və sülh şəraitində yaşamağa üstünlük verib. Bu həssasiyyətini indi də qoruyur.

O, Rusiya-Azərbaycan münasibətindən danışıb:

“Sözsüz ki, Rusiya da bizim ən böyük qonşularımızdan biridir və biz onunla iqtisadi-siyasi əməkdaşlıqda maraqlıyıq. Bunun üçün də bir-birimizin milli heysiyyatına, maraqlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalıyıq. Azərbaycan bacardığı qədər bütün qonşuları ilə münasibətdə bu incə cizgini tapdalamamağa çalışır. Təbii ki, qonşularından da eyni rəftarı gözləyir. Bu baxımdan, Azərbaycan prezidenti haqlı olaraq öz rus həmkarından bəzi addımlar gözləyirdi. Bu addımlardan biri Putin səviyyəsində üzrxahlıqdır. İkinci məqam günahın etirafıdır. Təxribata bənzəyən hadisənin törədicilərinin ədalət məhkəməsi qarşısında cavab verməsi və həlak olanların, yaralananların ailələrinə təzminatın ödənilməsidir. Rusiya hələ ki, bu gözləntilərimizdən birini və ən əsasını yerinə yetirib: Vladimir Putin zəng edərək İlham Əliyevdən üzr istəyib. Bununla belə, digər tələblərimiz qalır. Ümid edirəm ki, ciddi dövlət olan Rusiya Azərbaycan qarşısındakı digər mükəlləfiyyətlərini də həyata keçirəcək. Xüsusilə də təyyarəmizi vuranların və onlarla vətəndaşımızın ölümünə yol açanların layiqli şəkildə cəzalandırılmasını”.

heyder oguz

Heydər Oğuz

Heydər Oğuza görə, İlham Əliyevin bu tələbləri beynəlxalq hüquq normalarına tamamilə uyğundur və onları yerinə yetirmək Rusiyanın özü üçün də vacibdir:

“Bilirsiniz ki, Rusiya dünya ictimaiyyəti qarşısında qanuntanımaz, zorbalıq, tərəf müqabilinin heysiyyatlarına önəm verməyən bir imiclə tanınıb. Məhz bu səbəbdən də beynəlxalq sanksiyalara məruz qalmaqdadır. Rusiya artıq öz imicini dəyişməli, beynəlxalq qanunlara hörmətlə yanaşan tərəf kimi özünü göstərməli, nadir dostlarından birini də itirməməyə çalışmalıdır. Sözsüz ki, üzərindən bu qədər mənfi imici ata bilməməsi onun özü üçün pis nəticələnə və tamamilə təcrid olunmuş vəziyyətə düşə bilər. Nəticədə təkcə Azərbaycanla yox, bütün türk dünyası ilə də münasibətlərinə xələl gələr, iqtisadi tənəzzülü sürətlənər və hətta bəlkə də sələfi SSRİ kimi dağılar, tarixin tozlu arxivinə yollanar”.

O ki qaldı Rusiya – Azərbaycan gərginliyinin artması nəticəsində Moskvanın ölkəmizə təsirlərinə, Heydər Oğuz bu mövzu ilə əlaqədar Nyutonun məşhur 3-cü qanununu xatırlatdı:

“Vaxtilə Nyuton deyirdi ki, əgər bir cisim başqa cismə təsir edərsə, onda ikinci cisim də eyni güclə birinci cismə təsir edər. Yəni müqavimət gücü də təsir gücünə bərabərdir. Bu gün Rusiya geniş əraziləri, əhali çoxluğu ilə Azərbaycandan qat-qat böyük görünə bilər. Amma onun vəziyyəti heç də ürəkaçan sayıl bilməz. Nəinki Azərbaycana, hətta Ermənistan kimi bizdən qat-qat balaca və zəif ölkəyə belə təsir etmək, necə deyərlər, ona qarşı ikinci cəbhə açmağa çəkinir. Çünki təhlükəsizliyi kifayət qədər həssas durumdadır və kiçik bir təkan onun özünün məhvi ilə nəticələnə bilər”.

Siyasi şərhçinin fikrincə, tarix dəfələrlə sübut edib ki, dövlətlərin gücü onların böyüklüyü və əhali çoxluğu ilə ölçülmür:

“Dövlətlərin gücü əhalisinin motivasiya qabiliyyətindədir. Putinin özü bu yaxınlarda etiraf edirdi ki, Suriyada Colaninin 350 nizamsız hərbi qüdrəti qarşısında İran və Suriyanın 10 minlərlə nizami ordusu başını götürüb qaçdı. Amma onu demirdi ki, qaçanlardan biri də elə rus ordusu olub. Colaninin bir ovuc silahlı dəstəsi təbii ki, bu əsrarəngiz gücünü motivasiya qabiliyyətindən alırdı. Ona bu motivasiyanı verən isə haqlı olması və ədalətli müharibə aparması idi. Tarix dəfələrlə sübut edib ki, ədalətli mübarizə aparan və hərbə hazır olan tərəf həmişə qələbə qazanır. Baxmayaraq ki, qüvvələr nisbətində düşmən tərəf daha güclü görünür.

Böyük türk komandanı Mete Xanın barəsində nəql olunan məşhur bir rəvayəti var. İddia olunur ki, Çinin 1 milyonluq ordusu Mete Xanın üstünə hücuma keçəndə gülərək deyib: “Nə olsun, biz də onun üstünə gedirik. Unutmayın, ot nə qədər sıx olsa, o qədər asan biçilər”. Həqiqətən də Mete Xanın əsgərləri yaxşı hazırlanmış hərbi taktikaları ilə Çinin böyük ordusunu darmadağın edir. Niyə? Çünki Mete xanın ordusu ədalətli müharibə aparır və vətənini, milli maraqlarını qoruyurdu.

baki moskva 1 900x483 1

Mülki təyyarəsi vurulan və nəticədə onlarla vətəndaşı həlak olan Azərbaycan da haqlı tərəfdir. Rusiyanın ağlı olsa, xüsusilə indiki ağır vəziyyətində onunla döyüşü gözə almaz, haqsızlığını boynuna alıb, geri çəkilər. Onu da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan böyük Türk dünyasının bir parçasıdır və ona qarşı ədalətsiz gərginlik bütün Türk dünyasına qarşı açılmış mübarizədir. Rusiya bu riskə getsə, Türkiyəni də, Orta Asiyanı da və hətta öz içindəki türk topluluqlarını da qarşısına almış olar. Nəticədə dünyaya və isti sulara açılan yeganə qapısı olan Qara dənizi də tamamilə itirər. Rusiyanın onu tamamilə sarsıdan bu təhlükəni gözə alacağına inanmıram”.

Heydər Oğuz onu da istisna etmir ki, Moskva rəsmi Bakının tələblərini yerinə yetirərsə, Şimali Qafqazda ciddi gərginliklə üzləşəcək: “Belə ki, Azərbaycan prezidentinin tələblərindən biri günahkarların cəzalandırılmasıdır. Sirr deyil ki, bu tələb Çeçenistan liderinin cəzalandırılmasını də ehtiva edir. Çeçenistan lideri əslində rus generaliteti tərəfindən də lazımsız və savaşla manipulyasiya edən tərəf kimi qəbul olunur. Bu iki amilin birləşməsi Çeçenistan rəhbəri Ramzan Kadırovun hakimiyyətdən uzaqlaşdırılması perspektivi doğura bilər. Nəticədə onun zülmündən bezmiş Şimali Qafqazda yeni situasiya yaradar. Beləliklə də, uzun illərdən bəri ədalətsiz ərazi bölgüsü ilə boğaza yığılmış Şimali Qafqaz xalqlarının öz torpaqları uğrunda mübarizəsi başlaya bilər. Bu mənada Azərbaycan təyyarəsinin qəsdən vurulması və ya qəzaya sürüklənməsi Rusiyanın daxili stabilliyindən də təsirsiz ötüşməyəcək”. /globalinfo.az