632db2dfadfa5202209222135

Azərbaycana hücum hazırlayırlar - Paşinyan bütün SİRRİ AÇDI: Bu dövlətlərlə ...

Azərbaycan elə bir strateji əhəmiyyətə malik coğrafiyada yerləşir ki, tarix boyunca, elə 50 il, 30 il bundan öncə də, indi də bu ərazilərə olan marağını, istəyini heç cürə gizlədə bilmir. Böyük yeraltı və yerüstü təbii sərvətlərə malik, Şərqlə Qərb, Şimalla Cənub arasında geniş logistika imkanlarının birləşdiyi Azərbaycanın hazırki geosiyasi proseslər fonunda, yeni qütb savaşlarının qızışdığı ərəfədə bir çox güc mərkəzlərinin diqqətini özünə cəlb etməkdədir. 

Dünyanın yeni qütblərə bölünməsi, yeni xəritələrin çizilməsi məqsədilə bir çox ərazilərin qaynar nöqtələrə çevrilərək bəzi dövlətlərin dağılması üçün aparılan savaşların sayı durmadan artır. Belə bir riskin hələ 10 illiklər öncə ərazimizdə mövcudluğu təbii ki, ilk növbədə Rusiyanın, Qərbin adı ilə bağlıdır. Azərbaycan ərazisində qondarma qurumun yaradılması heç şübhəsiz ki, əsasən ilk növbədə böyük güclərin mənafeyinə xidmət edən amildir ki, bunun hesabına istənilən zaman Azərbaycana qarşı həmin rıçaqdan hazır bomba kimi istifadə etmək imkanını özlərində saxlayırdılar.

Lakin 44 günlük müharibə ilə Azərbaycan 30 illik tarixi ədalətsizliyə, ona qarşı bu illər ərzində olan ikili standartlara, qərəzli mövqelərə qarşı da savaş açaraq haqqı olanı əldə etdi. Bu gün regionda əsas aparıcı aktor kimi proseslərə müdaxilə imkanına malik Azərbaycanın öz müqəddəratını həll edərək, mümkünsüz kimi görünəni reallaşdırması və ən əsas da Qarabağ adlı "problem", "münaqişəni" həll etməsi belə görünür ki, bu gün Ermənistandan çox sözügedən beynəxalq güclərin yuxusunu qarışdırıb. Azərbaycan apardığı qətiyyətli xarici diplomatiyası səyəsində də bu gün regionun və bölgənin təhlükəsizliyi məsələsində olduqca önəmli addımlar atır ki, bu da nə Qərbi, nə İranı, nə də Rusiyanı zaman-zaman qane edəcək kimi görünür. 

10 noyabr üçtərəfli bəyanatı ilə Ermənistan üzərinə götürdüyü öhdəlikləri - Sərhədlərin delimitasiyası, Zəngəzuyr dəhlizi kimi məsələlərin həllini hələ də yubatmaqla məşğuldur. Artıq geridə qalan 2 il ərzində ancaq manipulyasiyalarla məşğul olan Ermənistan hərbi-siyasi rəhbərliyi boş-boş açıqlamalarla, bəyanatlarla dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Rəsmi Bakıya irəvanın mövqeyi artıq aydındır. 

Elə bu səbəbdən də Azərbaycan Ermənistan təxribatlarına qarşı cavab tədbirləri görərək Ermənistanın yerinə yetirmədiyi öhdəlikləri, xüsusilə də Zəngəzur dəhlizi məsələsindəki qətiyyətini ortaya qoyaraq, bu yoldan dönməyəcəyini nümayiş etdirir. Lakin rəsmi Bakının prinsipial mövqeyi 30 il erməni işğalına göz yuman, Azərbaycan ərazilərini zəbt edən, orada qanunsuz tikilntilər, məskunlaşmalar aparan, Qarabağı terror yuvasına döndərən Ermənistan hakimiyyətinə bir dəfə də olsun gözün üstə qaşın var deməyən İranı indi yaman narahat etməyə başlayıb.

Biz bunun növbəti təsdiqini ötən gün iranda hərbi parad zamanı gördük. İran prezidenti İbrahim Rəisinin ardınca İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri də hərbi paradda çıxışı zamanı Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə sakit oturmayacaqlarını deməklə Azərbaycanı təhdid edib. Əslində müharibə və geosiyasi reallıqlar geridə qalan bu 2 il ərzində qapı qonşumuzu daha yaxından tanımaq üçün bizə əlavə fürsət yaratdı. 

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bir neçə gün öncə İrəvan səfəri və orada Azərbaycanın ünvanına yalan-böhtan dolu ifaələr işlətməsi, heç bir əsası olmadan Azərbaycanı Ermənistan ərazisini "işğalda" ittiham etməsi də bir daha göstərdi ki, hazırda regionun və dünyanın aparıcı dövlətlərinin mövqe savaşında yeni meydanı məhz Azərbaycanın lideri olduğu Cənubi Qafqazdır. 

Bu sadalanan məsələlər fonunda Rusiya səssiz görünə bilər. Amma əslində elə deyil. Moskvanın bu çıxışlar fonunda nisbi sakitliyinin səbəbi Şərqi Avropada Ukrayna ilə müharibədə xeyli geriləməsidirsə, digər yandan da sülhməramlı missiyası adı altında Qarabağda qurmağa çalışdığı planın deaktivləşməməsidir. 

Kreml sahibi Vladimir Putinin səfərbərlik elanından sonra Rusiya işğal etdiyi Ukrayna ərazilərində tez-tələsik "referendum"lar keçirməyə qərar verdi. Qondarma referendumlar nəticəsində bu ərazilər guya Rusiyaya birləşmiş olacaq və Rusiya ərazisi sayılacaq. Ukrayna yenə o əraziləri azad etmək üçün müharibəni davam etdirmək məcburiyyətində olacaq.

Amma bu addım atılırsa, şübhəsiz ki, deməli, arxasında hansısa siyasi fikir, hesablama, məqsəd dayanır. Şimal qonşumuz "referendum" yolu ilə Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərini Rusiyaya birləşdirdikdən sonra eyni prosesi Abxaziya və Cənubi Osetiyada təkrarlayacağı istisna edilmir. Məhz Moskvanın bu qərarlarında özünə "ümid yeri" görən Qarabağdakı qondarma rejim qalıqları Moskvaya "referendumla" bağlı dil çıxardıb, yalvara bilər.

Ətraflı

Bir neçə ay öncə Rusiyanın Qarabağda "rus icması"nın yaradılması bir çoxlarımıza bir o qədər aydın olmasa da indi anlaşılır ki, bu, Ruisyanın məhz "referendum" siyasətinin tərkib hissəsinə çevrilə bilər. Çünki Rusiya nə qədər də Azərbaycanın strateji tərəfdaşı olsa belə Ukrayna müharibəsi deməyə əsas verir ki, Ruisya üçün də dost, qardaş yoxdur, öz maraqları var. Ona görə ki, vaxtilə Ukraynanın da Rusiya ilə yaxşı münasibətləri var idi, Kreml qardaş adlandırdığı ölkə ilə indi aktiv savaş aparır. Prosesləri qabaqlamaq fikrində deyiləm, amma bu faktlar və yaşananlar deməyə əsas yaradır ki, rəsmi Bakı da İranın, ABŞ-ın, Fransanın olduğu kimi Rusiyanın da bu bölgə və regionla bağlı niyyətlərini hiss edir. 

Bu gün həmin qüvvələr üçün heç şübhəsiz ki, Ermənistan sadəcə öz məqsədlərinə çatmaq üçün ən tutarlı vasitədir. Erməni amili həmin qüvvələrin regiona təsir mexanizminin əsas mərkəzi hesab edilir. İki gün öncə Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün ardınca sərhəddə yenidən ard-arda Ermənistan silhalı qüvvələri tərəfindən təxribatların törədilməsi və 12-13 sentyabr ssenarisinin təkrarlanması bir daha təsdiq edir ki, bu silahlı insidentlərin arxasında tək Ermənistan dayanmır. Belə anlaşılır ki, bu regionda sülhü tək Azərbaycan istəyir. 

Çünki belə olmasaydı BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-da olan Nikol Paşinyan yenə sərsəm bəyanatları ilə diqqət mərkəzinə düşməzdi. Belə ki, BMT Baş Assambleyasının 77-ci sessiyasındakı 21 dəqiqəlik çıxışı başdan-ayağ yalan və iftiralar üzərində qurulan N.Paşinyan növbəti dəfə beynəlxalq tribunadan dünya ictimaiyyətinə yalan, həqiqəti əsks etditməyən məlumatlar ötürməklə Azərbaycana qarşı törədiləcək gələcək təxribatları qabaqlamaq niyyətini ortaya qoyub.

Ermənistan baş nazirinin "Azərbaycan tərəfindən yeni təcavüz aktının törədilməsi riski yüksəkdir" fikri Ermənistanın mümkün təxribatlarına indidən don geyindirmək cəhdindən başqa bir şey deyil. Heç cürə yeni geosiyasi reallığı qəbul etmək istəməyən bu ölkənin hərbi-siyasi rəhbərliyini destruktiv mövqeyi şübhəsiz ki, regionda sülh istəməyən qüvvələr üçün də indiki məqamda xüsusi əhəmiyyət kəsb edir. Paşinyan bu açıqlaması ilə əslində Ermənistanın yeni təxribatlara hazırlaşdığını göstərmiş olur. Bunu təsdiq edəcək növbəti fakt isə təbii ki, bu günlərdə Ermənistanda bütün ölkə boyu sığınacaqların hazırlanmasını misal göstərə bilərik. Bununla da Paşinyan Nyu-Yorkdakı çıxışı ilə sərhəddəki və ölkəsindəki bu proseslər fonunda gözlənilən növbəti böyük müharibə riski ilə bağlı böyük dövlətlərlə gizli saxladıqları Bakı üçün vacib sirri açmış oldu.

Paşinyanın BMT Baş Assambleyasının kürsüsündən Azərbaycana qarşı növbəti və daha böyük təxribatı, təhdidi BMT və UNESCO missiyasını Qarabağa dəvət etməsi ilə bağlıdır. Çıxışını bütövlüklə Azərbaycanı dünya qarşısında aqressor kimi qələmə verən Paşinyanın bu təklifi birbaşa olaraq Azərbaycanın suverenliyinə qəsddir. Çünki Azərbaycan ərazisi olan Qarabağda beynəlxalq təşkilatların fəaliyyəti yalnız ikitərəfli əsasda Azərbaycanla həmin təşkilat arasında müzakirə oluna biləcək məsələ olduğu halda Paşinyan müdaxilə etməklə Azərbaycana qarşı ərazi iddiasını ortaya qoymuş sayılır. Halbu ki, Qarabağın nə Ermənistana, nə də qondarma rejim qalıqlarına heç bir aidiyyatı yoxdur.

Bir yandan Paşinyan sessiyada "Əgər Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr sahədə beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanıyırsa, bu o deməkdir ki, biz sülh müqaviləsi bağlaya biləcəyik" açıqlaması ilə Azərbaycanın qarşısında sülh müqaviləsi imzalamaq üçün onun ərazi bütövlüyünü tanımaq şərtini qoyur, digər yandan isə özü Qarabağa BMT və UNESCO missiyasını dəvət etməklə növbəti dəfə Azərbaycan ərazisi olan bu torpaqlara qarşı ərazi iddiası ilə çıxış etmiş olur, suverenliyimizə və ərazi bütövlüyümüzə təhdid yaradır. 

Paşinyanın sessiyadakı çıxışını eyni zamanda satıldığı Qərbin (ABŞ da daxil) Rusiyaya qarşı Cənubi Qafqazda mövqe savaşında Kremlə kontrol atışı da hesab etmək olar. 

O, əslində, son hadisələri Azərbaycanın Ermənistandakı demokratik suveren dövlət quruculuğunu boğmaq kimi dəyərləndirməklə Azərbaycanı ABŞ və Qərb qarşısında hədəf etməyi planlaşdırır. Bundan əlavə Rusiyanı da regiondakı son proseslərə səssiz qalmaqda, fəaliyyətsizlikdə də ittiham etməklə əslində KTMT-nin Azərbaycana hərbi müdaxilə etməməsinin acısını çıxartmağa çalışıb.

Erməni baş nazirin BMT BA-da çıxışı və Blinkenlə görüşləri onu deməyə əsas verir ki, Paşinyan yeni müharibənin başladılmasını və ardınca Rusiyanın Ermənistandan çıxarılmasını hədəfləyir. ABŞ bölgəyə girmək üçün Ermənistan vasitəsilə yeni müharibədə tərəf olacaq kimi görünür.

Ermənistan baş nazirinin Nyu-Yorkdakı bu fikirləri müharibə riskini artıran çıxış kimi yadda qaldı. Rəsmi İrəvan növbəti dəfə sərhədlərin təyin edilməsi (delimitasiya-demarkasiya) və nəqliyyat kommunikasiyalarının açılması (Zəngəzur dəhliz) məsələsində nəticəyə hazır olmadığını təsdiq etdi. / Milli.az