63236f7eb871b202209223126

Azərbaycan və Türkiyədə dil eyniləşməlidir: "Bu yolla xalqları ayırdılar" - ŞƏRH

Azərbaycanda Türkdilli təhsil genişlənməlidir. Çünki Orta Asiyada tarixən bu coğrafiyanın hakim dili Türk dili olub. Zaman keçdikcə is, müəyyən qüvvələrin təsiri ilə ortaq dil aradan qaldırılıb və yeni ortaq dil tətbiq edilib. Bu gün isə, Azərbaycan dilində bir çox sözlər var ki, ərəb-fars mənşəli, rus mənşəlidir. Kökümüz Türk olduğu halda bu gün Azərbaycanda Türk sözlərindən istifadə çox zaman birmənalı qarşılanmır. Bundan başqa ölkədə rusdilli məktəblərin sayı çox olduğu halda Türk məktəblərinin sayı barmaqla sayılacaq qədərdir.

“Anadoludakı Türklərin böyük əksəriyyəti Türküstandan gəldi. Amma indi oradan gələnlər oranın dilini anlamır. Qazaxca, qırğızca danışanları demək olar ki, anlamır. Amma əslində belə olmamalıdır.

Ruslar çox hiyləgər bir siyasət yürütdülər. Öncə ayrı-ayrı Türk boylarna “demokratik” bir mühit yaratdılar. Bunlar öz milli dillərini inkişaf etdirsinlər. Ayrıca qazax türkcəsini, qırğız türkcəsini, özbək türkcəsini ayrı ayrı şəkildə inkişaf etdirdilər. Onlara azadlıq verdilər. Məqsəd də o idi ki, bunların öz aralarında öncə əlaqəsi qırılsın və bir-birini anlamasınlar. Bundan sonra onlar üçün ortaq bir dil - rus dilini tətbiq etmək mümkün olsun.

Eyni proseslər Şimali Qafqazda da etdilər. Şimali Qafqazda dil kumuk dili idi. Öncə inquşlarn, çeçenlərin, ləzgilərin və avarların dilini dəyişdirdilər. Onları əvəvlcə vahid dil məkanından araladılar. Sonra da rus dilini ortaya gətirdilər. Bu yolla xalqları bir-birindən ayırdılar.

Dil belə bir şeydir ki, əgər siz sabah Şəki dialektini tamamən bölgənin öhdəsinə buraxsanız, çox qısa zaman ərzində görəcəksiniz ki, dialekt ayrı bir dil halına gəldi və Şəki dili fərqli bir dil oldu. Zamanla görəcəksiniz ki, Şəki dili ümumi Azərbaycan dilindən fərqlənən bir dil halına gəldi. 30, 50, 100 ildən sonra görəcəksiniz ki, Qazax türkcəsi ilə Azərbaycan türkcəsi kimi bir-birindən aralanacaq. Bu səbəbdən dil dinamik bir prosesdir. Yeni sözlər gəlir, bəzi sözlər ölüb gedir”.

Bu barədə professor Xaləddin İbrahimli danışıb. Onun sözlərinə görə, bəzən buna şübhə ilə yanaşsalar da, ortaq Türkcəyə ehtiyac var. Çünki bu məkan, zamanında vahid bir dilin məkanı olub. Təkcə vahid etnik məkan deyil, vahid dil məkanı olub. Səlcuqların dili demək olar ki, Orta Asiyada da, İranda da, Anadoluda da eyni dil idi. Başa düşülürdü. Sonralar bölündü parçalandı.

Xaləddin İbrahimli Xaləddin İbrahimli

“Tamam qazax qazax olaraq, qırğız da qırğız olaraq qalsın. Amma bu dilləri bir-birinə yaxınlaşdırmaq lazımdır. Bunun yolu da təhsildən keçir. Orta Asiya da yavaş-yavaş latın dilinə keçir. Yəni ortaq bir əlifba. İlk öncə əlifbada ortaqlıq olmalıdır. Bundan sonra məktəblərin tədris proqramlarında ortaqlıq olmalıdır. Məktəblərin tədris proqramları bir-birinə yaxın olmalıdır və ortaq Türk dili dərsi keçirilməlidir. Ortaq Türk dili dərsi bu məkanı yavaş-yavaş yenidən böyük bir Türk məkanına çevirəcək. Türk xalqları bir-birinə dəstək olmasa halı pərişan olar. Bir-birinə dəstək olmaları üçün də ortaq dilləri olmalıdır. Bu səbəbdən məktəblər çox önəmlidir”,- deyə professor qeyd edib.

Xaləddin İbrahimli qeyd edir ki, son zamanlar Türkiyə bu sahədə çox ciddi işlər görür. Türkdilli məktəblərin sayı artırılmağa başlayıb. Bu, təkcə Türkdilli məkanda deyil, ümumi İslam məkanında da özünü biruzə edir.

“Ümumiyyətlə, öncə Türkdilli məkanda bunların sayını artırmaq lazımdır”,- deyir həmsöhbətimiz. Professorun fikrincə, Azərbaycanda da Türkdilli məktəbləri artırmaq lazımdır.

“Azərbaycanda rus məktbələrinin sayının 350-ni gəlib keçməsi və əhalinin bəlli bir kəsiminin rusca danışması onu göstərir ki, Türk məktəblərinin sayı artırılmalıdır. Türk məktəblərinin sayı artırılmırsa da, təbii ki, rusdilli məktəblərin sayı artacaq. Əgər bu istiqamətdə siyasət yürüdülməsə, 35-40 milyonluq İrandakı toplum əriyib gedəcək. 300 milyonluq dünya ailəsi var. Onun içərisində biz 35-40 milyonu itirəcəyik. 35-40 milyon 300 milyonluq Türk ailəsinin mədəniyyətinə öz töhfəsini verə bilər. Bunu etməmək böyük itkidir.

Borçalını buraxsaq, orada da 600 min nəfər var. Deyirlər ki, "inteqrasiya olun, gürcü dilini öyrənin". Amma inteqrasiya olunmaq assimlasiya olunmaq demək deyil ki. Bizə təklif olunan assimlasiyadır. Bizi öz dilimizdən məhrum etmək istəyirlər. 600 min də buradan itirək.

Qazaxıstanla Azərbaycan bir-birini anlamaya-anlamaya yaşasınlar. İndi aralarında məsafə, Belarusla Azərbaycan arasında olan yaxınlıq qədərdir. Belə olmamalıdır.

Niyə Türkiyə ilə Azərbaycan bir-birinə bu qədər yaxındır, amma Qırğızıstanla Azərbaycan bir-birindən o qədər uzaqdır?” - deyən Xaləddin İbrahimli vurğulayır ki, dil faktoru birinci sırada durur. Azərbaycan Türkiyəni, Türkiyə Azərbaycanı anlayır. Aralarında ünsiyyət var, bir-birini başa düşürlər.

“Nə fərqi var jıldız deməsinlər, yıldız desinlər. Biz də ulduz deməyək, yıldız deyək. Və ya hər kəs ulduz desin. Bunun bir fərqi yoxdur ki. Ortaq, vahid bir kəlmə üzərində cəmləşsinlər. Biz deyək təmiz türkcə Azərbaycan türkcəsidir, Türkiyə desin Türkiyə türkcəsidir. Belə deyil. Nə Türkiyə türkcəsi, nə də Azərbaycan türkcəsi təmiz deyil. Doludur artıq sözlərlə. Məsələn, Azərbaycanda müvəffəqiyyət sözü türkcə başarı deməkdir. Başarı deyəndə adamı az qala ələ salalar. Və yaxud müəllim sözü öğretmendir. Yenə başlayırlar ki, niyə öğretmen deyirsiniz. M hərfi ilə başlayan sözlərin 100/99 ərəb sözləridir. Türklər bu sözlərin çoxundan canını qurtarıb”,- deyə Xaləddin İbrahimli əlavə edib.

Professor qeyd edir ki, çox zaman bu sözlərin süni olduğu deyilir. Ümumiyyətlə, dilin süni olduğunu bildirən İbrahimlinin fikrincə, bütün dillərdə olan kəlmələrin hamısı insan təxyyülünün məhsuludur.

“Almaya alma deyirsən, alma olur. Əsas olan görüntüdür. Əgər kəlmə əsas olsaydı, bütün dillərdə bu alma olardı. Söz, hər bir xalqın uydurmasıdır” - deyən müsahibimiz hesab edir ki, dilə münasibət dəyişməli və ortaq əlifba formalaşdırılmalıdır. Bu ortaq dil Türkiyədə, Azərbaycanda bütün Türkdilli ölkələrdə tədris olunmalıdır. Belə olarsa, 10-20 ildən sonra hamı ortaq Türkcədə danışacaq. Dövlətlər, 7 Türk Cümhuriyyəti bir-birinə daha yaxın olacaq. Ortaq dilə sahib çıxan bir nəsil yetişdirilməlidir ki, bu nəsil ortaq dildə danışsın. Ortaq dilin formalaşması üçün siyasi iradə lazımdır.

“Xalqın mədəniyyətini dövlət yaradır. Dövlət, mədəniyyətdən doğan ən ali əsərdir. Dövlət də millətin müəllifidir. Millətin yazarı dövlətdir. Əgər dövlət istəsə, milləti formalaşdıra bilər. Türkiyədə millətləşmə prosesi bitib. O birilərində isə, yoxdur, getmir. Siyasi iradə olmasa, təbii ki, istənilən nəticə olmayacaq.

Məncə, bu Türkiyədən başlamalıdır. Çünki bütün dövrlərdə Türkiyə müstəqil olub. Türkiyədə dövlətçilik, milliyətçilik, müstəqillik, özgürlük və milli şüur fərqli bir mərhələdədir. Bizdən çox irəlidədir. Buna görə də, siyasi iradə buradan ortaya çıxmalıdır.

Türkiyə, Türk Dövlətləri Təşkilatının xətti ilə təhsil məsələsinə çox önəm verməlidir.  Məsələn, universitetlərdə tələbə mübadiləsi və tələbə alımı daha çox olmalıdır. Türkiyə daha çox tələbə almalıdır” - deyə professor bildirib.

Xaləddin İbrahimli hesab edir ki, eyni zamanda Türkiyə siyasətdən və təriqətdən tam uzaq formada, Türk dövlətlərinin və Türk millətlərinin maraqlarına xidmət edən məktəblərin sayını artırmalıdır. Eyni zamanda ortaq əlifba olmalıdır ki, hər kəs o əlifbadan istifadə etsin... Ortaq dərsliklər ... Ortaq Türk dili dərslikləri 1-9 sinifə qədər Qırğızıstan, Türkiyə, Azərbaycan və digər Türk dövlətlərinin məktəblərində tədris edilməlidir. Eyni sözlər öyrənilməlidir.

“Bu, çətin deyil. Türk Dövlətləri Təşkilatında hər ölkədən 2-3 dilçi ortaq bir kəlmə üzərində razılığa gəlməlidir. Müzakirələr aparılmalıdır. Türk dilinin qramatikasını bütün uşaqlar eyni dərslikdən öyrənsinlər. 10 ildən sonra hamı bir-birini başa düşməyə başlayacaq” - deyə professor Xaləddin İbrahimli qeyd edib. / Bizimyolinfo