PUA

Azərbaycan və Türkiyə birgə PUA istehsal EDƏ BİLƏR

“Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq əlaqələrini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan da Türkiyədə mövcud olan texnologiyalardan istifadə etmək və onun istehsalını mənimsəmək imkanına malikdir”.

kanal.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın müdafiə sənayesi PUA istehsalı sahəsində kifayət qədər ciddi imkanlara sahibdir. Bu imkanları Türkiyə ilə birləşdirməklə daha üstün nəticələr əldə etmək mümkündür:

"Azərbaycanda  da istehsalı üçün addımlar atılacaq "AKINCI" PUA-larının həm yüksək hündürlükdə fəaliyyət göstərməsi, həm də hava və quru hədəflərinə qarşı kifayət qədər yüksək imkanlara sahib olması bu PUA-ları hazırda mövcud olan ən təhlükəli silah sinfinə aid edir".

 

Ədalət Verdiyev bu barədə fikirlərini belə izah edib: ""AKINCI" PUA-ları yerüstü hədəflərdən başqa hava raketləri vasitəsilə hava hədəflərinə qarşı da mübarizə apara biləcək azsaylı vasitələrdən hesab olunur.

Xatırladıram ki, "AKINCI" PUA-larının yüksək hündürlükdə həm hava, həm də quru hədəflərini məhv etmək qabiliyyəti hazırda onun dünya silah bazarında uyğun yerlərdən birini tutmasına kömək edir. "AKINCI" hava hədəflərini də məhv edə biləcək azsaylı pilotsuz vasitələrdəndir.

PUA-ların hava və yer hədəflərinə qarşı maksimal məsafələrdən zərbə endirməsi pilotlu hava hücum vasitələrinin üzərinə düşən döyüş yükünü azatmaqla bərabər onların resurslarına da qənaət etməyə imkan verir.Türkiyənin Azərbaycanla bərabər digər müttəfiqləri ilə pilotlu və pilotsuz aviasiya sahəsində səylərini birləşdirməsi ən yaxın gələcəkdə daha üstün imkanlara malik vasitələrin təqdimatı ilə nəticələnəcək”.

 

 

Qeyd edək ki, Türkiyənin məşhur “BAYKAR” şirkəti Azərbaycanda PUA-ların istehsalına başlamaq istəyir. Bu barədə şirkətin texniki direktoru Səlcuq Bayraqdar açıqlama verib.

“Azərbaycanın aidiyyəti qurumları “AKINCI” pilotsuz uçuş aparatı ilə maraqlanırlar. Biz “BAYKAR” olaraq bu texnologiyanı Azərbaycanda inkişaf etdirmək üçün işə başlamaq istəyirik. Həm inkişaf etdirmək, həm də burada istehsal etmək təşəbbüsü ilə çıxış edəcəyik. İşə bu sahə ilə əlaqəli azərbaycanlılar cəlb ediləcək”.- deyə S.Bayraqdar söyləyib.