Azərbaycan klubu “Barselona”nın sabiq futbolçusunu transfer edib, “Qarabağ”a söz atdı - FOTO
İdman
07.07.2021 16:21
1128

Azərbaycan klubu “Barselona”nın sabiq futbolçusunu transfer edib, “Qarabağ”a söz atdı - FOTO

Azərbaycanın “Sabah” klubu İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Xuan Kamaranı transfer edib.

Kanal.az oxu.az-a istinadən xəbər verir ki, klub 27 yaşlı sağ cinah hücumçusu Xuan Kamaranın şəklini “Sabaha saxladıq” başlığı ilə paylaşıb. Bu, “Sabah”ın “Qarabağ”a cavabıdır.

Xatırladaq ki, “Qarabağ” klubu iyulun 1-də “Sabah”dan ayrılan millimizin hücumçusu Ramil Şeydayevin transferini ikili məna verən “Sabaha saxlamırıq” başlığı ilə paylaşmışdı.

Qeyd edək ki, Xuan Kamara İspaniyada “Vilyareal”ın C və B, “Barselona”nın B komandasında oynayıb. O, 2015-ci ildən “Barselona”nın əsas komandasına cəlb olunsa da, İspaniya La Liqasında meydana çıxmayıb. Lakin Kamara əsas komandada debütünü UEFA Çempionlar Liqasının “Bayer”lə 1:1 başa çatan görüşündə edib. O, 2015-ci ilin dekabrın 9-da baş tutan görüşün son 16 dəqiqəsində müdafiəçi Xordi Albanı əvəzləyərək meydana çıxıb.

2016-cı ilin fevralın 10-da isə İspaniya Kubokunun yarımfinalında “Valensiya” ilə görüşün (1:1) 76-cı dəqiqəsində xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiçi əvəzləyib. Daha sonra Xuan İspaniyanın “Jirona” və “Reus” klublarına icarəyə verilib.

Xuan Kamara legioner həyatını isə Polşanın “Myeç”, “Yaqelonya”, Rumıniyanın “Dinamo” (icarə), Krayova “Universitatya”sı (icarə) klublarında davam etdirib. Onun “Yaqelonya” ilə müqaviləsi 2023-cü ildə başa çatsa da, futbolçu ilə anlaşma vaxtından erkən pozulub.

Qeyd edək ki, Xuan Kamara “Barselona” ilə 2015/16-cı il mövsümündə İspaniya Kubokunu, ötən mövsüm isə “Universitatya” ilə Rumıniya Kubokunu qazanıb. 

Loading...
Loading...