
Ağadadaşın baltası özünə qaytarıldı
Milli.Az xəbər verir ki, məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən, insidentdə istifadə olunan əşya sahibinə geri verilib.
Qeyd edək ki, müğənni ötən il Bakıdakı "MedEra" hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin.
İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib.
Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən, Xalq artisti həmin hadisə zamanı əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədilə atdığını bildirib.
Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb. Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib./Modern.az
- Şou biznes
- 17 Mart 2025