Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Kanal.az unikal.az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə ötən gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.
Məlumata görə, A. Əhmədzadə yarışın keçirildiyi əraziyə "Maybach" markalı "77-AA-555" dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş.
***
SOCAR-ın investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadənin həbsi ilə bağlı xəbərlərdən sonra həyat yoldaşı sosial şəbəkə paylaşımlarına "əl gəzdirib".
Bakupost.az xəbər verir ki, Gülsəfa Cəfərova sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini əks etdirən fotolar və videolar paylaşırdı. Lakin A.Əhmədzadənin həbsi ilə bağlı xəbərlər yayıldıqdan sonra o, həmin paylaşımların bir çoxunu sildi.
Qeyd edək ki, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunaraq saxlanılıb.